İDMAN
“TƏHSİL” RESPUBLİKA İDMAN MƏRKƏZİNİN BOKS ÜZRƏ AÇIQ BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 5-də “Təhsil” Respublika İdman Mərkəzinin əməkdar məşqçi və idman ustası Süleyman Süleymanovun şərəfinə boks üzrə açıq birinciliyinə yekun vurulmuşdur. 1991-92-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən turnirdə paytaxtın “Neftçi” İSM, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Məşəl”, “Rabitəçi” idman klublarının və “Təhsil” RİM-in idmançıları ilə yanaşı, 16 rayonu təmsil edən 152 idmançı mübarizə aparmışdır.
Beş gün davam edən yarışların nəticələrinə görə, Anar Əliyev (40 kq), Novruzəli Əliyev (42 kq), Samir Abbasov (44 kq), Sadiq Həsənov (46 kq), Əli Qurbanov (48 kq), Emin Əliyev (50 kq), İmran Bazarov (52 kq), Nəimi Babayev (54 kq), İqbal Cavadov (56 kq), Pirverdi İbrahimov (58 kq), Əbülfət İbrahimov (60 kq), Orxan Mustafayev (63 kq), Anar Hüseynov (66 kq), Murad Ələkbərov (69 kq) və Ağalar Ağalarzadə (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qaliblər medal və diplomla təltif olunmuşlar.