ELM VƏ TƏHSİL
TƏHSİL SEKTORUNUN İNKİŞAFI LAYİHƏSİ İLƏ BAĞLI SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Ümummilli liderimiz Heydər Əliyevin və qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 2003-2007-ci illərdə həyata keçiriləcək layihənin başlanmasına həsr olunmuş tədbirdə ayrı-ayrı nazirliklərin, beynəlxalq təşkilatların, xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri və tanınmış təhsil işçiləri iştirak edirlər.
Təhsil naziri Misir Mərdanov seminarı açaraq, Azərbaycan təhsilinin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, ölkəmizdə aparılan islahatların, o cümlədən təhsil islahatlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Maliyyə naziri Əvəz Ələkbərov, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, Dünya Bankının ölkəmizdəki nümayəndəliyinin rəhbər əvəzi Səidə Bağırova və başqaları təhsilimizə göstərilən dövlət qayğısından danışmış, indiki seminarın əhəmiyyətini vurğulamışlar.
Təhsil naziri Misir Mərdanov “Öyrədici və innovasiya krediti üzrə nailiyyətlər və Təhsil İslahatı Proqramının (2003-2013) strateji istiqamətləri“ mövzusunda məruzəsində adı çəkilən layihə üçün Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 18 milyon ABŞ dolları məbləğində kredit ayrıldığını diqqətə çatdırmış, birinci kredit sazişi çərçivəsində görülmüş işlər və onun nəticələri barədə də məlumat vermişdir.
Sonra “Dünya Bankı və Azərbaycanda Təhsil sektorunun inkişafı layihəsi”, “Azərbaycanda kurrikulum islahatı: yanaşmalar, mərhələlər və gözlənilən nəticələr” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Məruzəçilər Təhsil sektorunun inkişafı layihəsi, ümumtəhsil məktəblərində tətbiq ediləcək kurrikulumların hazırlanması və s. ilə bağlı görülən və görüləcək işlərdən danışmışlar.
Tədbirdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Baş nazirin müavini Elçin Əfəndiyev, Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Yaponiyanın Bakıdakı səfiri Toşiyuki Fucivara və digər rəsmi şəxslər iştirak etmişlər.