ELM VƏ TƏHSİL
TƏHSİL SİSTEMİNDƏKİ NÖQSANLARI ARADAN QALDIRMAQ ÜÇÜN BÜTÜN XALQ FƏAL OLMALIDIR
Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev “Azərbaycanın sosial siyasəti və təhsil” mövzusunda məruzə etmişdir. Məruzəçi Azərbaycanda təhsilin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmaqla bərabər, problemlərə toxunmuş, mövcud çatışmazlıqları tezliklə aradan qaldırmağın vacibliyini vurğulamışdır.
Natiq bildirmişdir ki, ictimaiyyətin təhsilə olan münasibətində köklü dəyişiklik tələb olunur. Təhsilin inkişafına nail olmaq üçün ali məktəblərə diplom almaq xatirinə deyil, bazar iqtisadiyyatının qanunlarına cavab verən mütəxəssis olmaq naminə gəlməyin vacibliyi insanlara izah edilməlidir.
Məruzə ətrafında çıxış edənlər bildirmişlər ki, xalqımızın ümummilli lideri, Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanda təhsili inkişaf etdirmək, məktəblərin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün möhkəm bünövrə yaratmışdır. Bu nəcib iş indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son vaxtlar Azərbaycanın müxtəlif bölgələrində müasir dövrün tələblərinə cavab verən məktəb binalarının tikilməsi təhsilin inkişafına göstərilən diqqət və qayğının təzahürüdür.
Natiqlər demişlər ki, təhsil sistemindəki mənfi halları aradan qaldırmaq üçün bütün xalq fəal olmalı, bütün qüvvələr səfərbər edilməlidir.