İQTİSADİYYAT


TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib

Bakı, 12 dekabr, AZƏRTAC 

Bu günədək TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” təbii qazı nəql olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-la hazırda Azərbaycan təbii qazı Türkiyəyə nəql olunur. Boru kəməri Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Uzunluğu 1850 kilometr olan, Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizindən keçən hissəsinin diametri isə 36 düym təşkil edir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük gücü 16 milyard kubmetr qaz təşkil edəcək.

“Enerjinin İpək yolu” adlandırılan TANAP boru kəmərinin birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Boru kəmərinin Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan ikinci fazası noyabrın 30-da istifadəyə verilib.

Layihənin əvvəlində 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin 45 faizinə, yəni 5,2 milyard dollara qənaət edilib. Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və bu vaxtadək layihəyə təqribən 6,3 milyard dollar xərclənib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur. Səhmdarlar layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.