İQTİSADİYYAT
TANAP-la bağlı keçirilən tenderə üç təklif daxil olub
Bakı, 13 iyul, Nihad Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə “Botaş” şirkətinin Əskişəhər qaz bağlantı xətti üçün elan etdiyi polad boru alınması tenderinə 3 təklif daxil olub.
AZƏRTAC xəbər verir ki, “BOTAŞ” ın baş idarəsində şirkətlər tərəfindən göndərilən texniki və maliyyə təklif zərfləri açılaraq araşdırılıb. Tenderdə ən aşağı təklifi 4 milyon 87 min dollarla "Borusan Mannesmann Boru Sanayi ve Ticaret AŞ" verib. Digər şirkətlərin təklifləri isə belədir - "Emek Boru Mak. San. ve Tic. AŞ" "Noksel Çelik Boru San. AŞ - Erciyas Çelik Boru San. AŞ. İş ortaklığı" 4 milyon 153 min dollar, "Ümran Çelik Boru San. AŞ" 4 milyon 466 min dollar.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əşkişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi - Əskişəhər 56 düyüm diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əşkişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düyüm diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düyüm diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Bu ilin mayınadək layihənin ümumi inkişafı 26,3 faiz təşkil edir. Bu dövrədək 1166 kilometrlik borular istehsal olunub, 929 kilometr uzunluğunda borular tikinti sahələrinə çatdırılıb və 533 kilometr borunun qaynağı tamamlanıb. Həmin tarixədək layihələrə 2 milyard 91,2 milyon dollar həcmində sərmayə qoyulub. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.