DÜNYA


TANAP layihəsi çərçivəsində Türkiyədə əlilliyi olan şəxslər işlə təmin olunacaq

İstanbul, 8 aprel, AZƏRTAC

TANAP boru kəmərinin keçdiyi Türkiyənin 14 bölgəsində əlilliyi olan şəxslərə, onların ailələrinə sosial və iş dəstəyi göstəriləcək.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə əlilliyi olan şəxslərin bütün sosial xidmətlərdən istifadə edə bilməsi, sosial həyata aktiv qatılması və işəgötürənlərlə rahat görüş imkanı əldə etməsi üçün 5 bölgədə tam təchiz olunmuş mərkəzlər xidmət göstərəcək. TANAP-ın sosial və ekoloji sərmayə proqramı çərçivəsində həyata keçirilən layihə çərçivəsində müxtəlif şəhərlərdə 3 min 600 əlilliyi olan şəxsə, onların ailələrinə sosial və iş dəstəyi göstəriləcək. Layihənin dəyəri 6,3 milyon türk lirəsidir.

Xatırladaq ki, TANAP qaz kəməri keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.