MƏDƏNİYYƏT
TANINMIŞ QADIN-HEYKƏLTƏRAŞIN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Tədbirin iştirakçıları əvvəlcə heykəltəraşın həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.
Muzeyin direktoru, Milli Məclisin deputatı, professor Rəfael Hüseynov tədbiri açaraq yubilyarın həyatı və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Ölkəmizdə yeganə monumentalçı qadın-heykəltəraş M.Rzayeva, XI əsrdən başlayaraq bu günümüzə qədər yaşamış ədəbiyyat və sənət adamlarının 100-dən artıq heykəl, büst və barelyefini yaratmışdır. Bu gün Məhsəti Gəncəvi və xalq şairi Nigar Rəfibəylinin Gəncənin görməli yerlərində ucaldılmış heykəlləri məhz ona məxsusdur.
Natiq bildirmişdir ki, muzey Azərbaycan haqqında fikir söyləyən dünya ədəbiyyatı və sənət adamlarının barelyefini hazırlamaq barədə Münəvvər xanımla əlaqəli işləməyi qərara almışdı. Təəssüf ki, heykəltəraş həmin sifarişlərdən yalnız üçünü - alman şairi Höte, fransız yazıçısı Düma və türkiyəli şair Nazim Hikmətin barelyefini hazırlaya bildi.
Tədbirdə çıxış edənlər Münəvvər Rzayevanın təkcə yaradıcılığından deyil, həm də şəxsi keyfiyyətlərindən bəhs etmişlər.