DÜNYA
TANINMIŞ TELEVİZİYA APARICISI ƏRƏBLƏRƏ NİFRƏT BƏSLƏDİYİNƏ GÖRƏ EFİRDƏN KƏNARLAŞDIRILMIŞDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Bi-Bi-Si televiziya şirkətinin tanınmış aparıcısı Robert Kilroy-Silkin milli məsələ barədə söylədiyi ehtiyatsız fikirlər Böyük Britaniyada əməlli-başlı qalmaqala səbəb olmuşdur. Televiziyadakı işindən əlavə, “The Sunday Express” həftəlik bulvar qəzetinə analitik məqalələr yazan R.Kilroy növbəti “Bizim ərəblərə borcumuz yoxdur” cızma-qarasında ərəbləri bəşər sivilizasiyasına heç nə verməmiş terrorçular adlandırmışdır. Məqalə güclü əks-səda doğurmuşdur. “Böyük Britaniyanın Müsəlman Şurası” ictimai təşkilatından irqi bərabərliyin təmin edilməsi üzrə hökumət komissiyasına şikayət daxil olmuşdur. Şikayətdə “milli ədavəti qızışdırdığına görə” R.Kilroy-Silki cinayət məsuliyyətinə cəlb etmək tələb olunur. Bununla əlaqədar, Bi-Bi-Si teleulduzu dərhal efirdən uzaqlaşdırmış, polis isə onun barəsində cinayət işi qaldırmışdır.
Görünür, o, müasir Avropanın elm və mədəniyyət sahəsində hazırda qazandıqlarının bir çoxuna görə qoca Şərqə, o cümlədən elə bəyənmədiyi ərəblərə borclu olduğunu unudur.