İQTİSADİYYAT


TAP Avropada təbii qaz bazarının likvidliyinin artmasına kömək edir

Roma, 20 sentyabr, AZƏRTAC

“Trans-Adriatik” boru kəməri (TAP) kommersiya əməliyyatları ilə Avropada təbii qaz bazarının likvidliyinin artmasına kömək edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliya mətbuatına müsahibəsində TAP-ın idarəetmə direktoru Luca Schieppati deyib.

O, ilin əvvəlindən TAP-la Avropaya 5 milyard kubmetrədək Azərbaycan təbii qazının nəql edildiyini xatırladıb: “Boru kəməri ilə ötürülən qaz həcmləri gündəlik 4-5 milyon kubmetrdən 20-25 milyon kubmetrə qədər artıb. İlin sonuna kimi TAP-la ümumilikdə 7-7,5 milyard kubmetr qazın nəql ediləcəyi gözlənilir. TAP-ın Avropanın enerji bazarında etibarlı operator kimi rolunu möhkəmləndirməkdən məmnunuq. Enerji təhlükəsizliyinin artırılması və bazarda tədarükün şaxələndirilməsi ilə yanaşı, TAP xüsusilə Cənub-Şərqi Avropada enerji keçidini dəstəkləyir. Bundan əlavə, Avropa İttifaqının enerji keçidi ilə bağlı məqsədlərinə uyğun olaraq, emissiyaları azaltmaqla, hidrogen kimi enerji mənbələrinin nəqli üçün yeni imkanlar axtarmağa davam edəcəyik”.

L.Schieppati deyib ki, TAP-ın ötürücülük qabiliyyətinin ildə 20 milyard kubmetrə çatdırılması üzrə bazar araşdırması 2 mərhələdə aparılır və prosesin 2023-cü ildə yekunlaşması nəzərdə tutulur. TAP 3 genişləndirmə ssenarisi təklif edir: məhdud genişləndirmə (təqribən ildə 14,4 milyard kubmetr), qismən genişləndirmə (illik 17,1 milyard kubmetr) və tam genişləndirmə (ildə təxminən 20 milyard kubmetr).

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. TAP Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. Boru kəməri Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edir. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

Boru kəməri TANAP ilə birləşib və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənib və İtaliyanın Puqlia bölgəsində sahilə çıxır. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşib. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.