İQTİSADİYYAT


TAP: Yay mövsümündə İtaliya sahilləri boyunca tikinti işləri aparılmır

Bakı, 18 avqust, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə yay mövsümündə İtaliya sahilləri boyunca tikinti işləri aparılmır.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP yay mövsümündə İtaliya sahilləri boyunca tikinti işləri yerinə yetirməmək öhdəliyinə sadiqdir. Məqsəd bu bölgədə turizmə təsirlərin qarşısını almaqdır.

TAP AG şirkətinin kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres deyib ki, 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər müvafiq icazələrin alınması üzrə işlər davam etdirilir. TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində bu ilin mart-iyul mikrotunelin tikiləcəyi ərazidən 210 zeytun ağacı çıxarılıb. Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına (Masseria del Capitano) köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq, onlara müvafiq qulluq göstəriləcək. İyul ayının ortalarında mikrotunelin çıxış nöqtəsi və texniki xidmətlərin bir sıra sualtı tədqiqatları tamamlanıb. Bu tədbirlər təsdiq edib ki, TAP-ın mikro-tunel çıxış nöqtəsi ətraf mühitə az təsir etməsi baxımından seçilmiş yer ən yaxşı variantdır.

Qeyd edək ki, TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. TAP-ın tikintisi üzrə işlərin təxminən 47 faizi icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.