İQTİSADİYYAT


TAP: Yunanıstan və Albaniya marşrutunda torpaq örtüyünün 59 faizi əvvəlki vəziyyətinə gətirilib

Bakı, 24 may, AZƏRTAC 

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunda torpaq örtüyünün 59 faizi əvvəlki vəziyyətinə gətirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 450 kilometrində torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib.

Xatırladaq ki, ilin əvvəlində Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.

Qeyd edək ki, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı (Aİ) üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir. TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 70 faizdən çoxu yekunlaşıb.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Layihənin ümumi dəyəri 4,5 milyard avro qiymətləndirilir. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində 538 kilometrlik ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təxminən 524 kilometr boru marşrut xətti boyunca düzülüb. Bu ölkədə boruların 506 kilometrdən çoxu qaynaq edilib. 428 kilometr boru torpağa basdırılıb və təxminən 320 kilometr ərazi tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Albaniyadan keçəcək 215 kilometrlik hissəsində isə təxminən 187 kilometrlik ərazi təmizlənib və qiymətləndirilib, 181 kilometr boru marşrut xətti boyunca düzülüb. Boruların 177 kilometri qaynaqlanıb və onların təxminən 158 kilometri torpağa basdırılıb. Təxminən 119 kilometr ərazi tamamilə əvvəlki vəziyyətinə gətirilib. Beləliklə boru kəmərinin ümumilikdə 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 725 kilometrlik ərazi, yəni bu marşrutun 95 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Yunanıstan və Albaniyada boruların 89 faizi qaynaq edilib. Bu marşrut üzrə boruların ümumilikdə 77 faizi torpağa basdırılıb.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Ölçmə stansiyasındakı işlərə də ötən ilin birinci rübündə başlanılıb. Kompressor və ölçmə stansiyalarının mühəndislik, təchizat və tikintisi (EPC) üzrə podratçı - İtaliyanın “Renco S.p.A” və Yunanıstanın “Terna S.A.” birgə müəssisəsi hər 3 stansiyada beton və torpaq işlərini, eləcə də qazma və giriş yollarının tikintisini tamamlayıb. Üç turbo kompressor paketi artıq Yunanıstana çatdırılıb və onlar Kipoidəki stansiyasında quraşdırılıb. Ötən ilin dekabrında Kipoidəki kompressor stansiyasında boruların quraşdırılması və qaynağı işlərinə start verilib. Hər 3 stansiya üçün kənar boru istehsalına da başlanılıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.

Layihə İtaliyada da qrafik üzrə irəliləyir. 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər davam etdirilir. TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində ötən ilin mart-iyul aylarında mikrotunelin tikiləcəyi ərazidən zeytun ağacları çıxarılıb. Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına (“Masseria del Capitano”) köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq və onlara müvafiq qulluq göstəriləcək. Boru kəmərinin tikintisi başa çatdıqdan sonra həmin zeytun ağacları öz yerlərinə geri qaytarılacaq. Bundan başqa, TAP-ın dəniz hissəsinin inşasında istifadə olunacaq boruların sonuncu partiyası da keçən il sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb.

TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahəsində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. Boru kəmərinin dəniz hissəsi 2018-2019-cu illərdə inşa ediləcək. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə və təqribən 105 kilometr uzunluğunda olacaq. “Saipem S.p.A” şirkəti mikrotunel daxil olmaqla, Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatını və quraşdırılmasını həyata keçirəcək. İzolyasiya edilmiş 36 düymlük borular və digər qurğular isə TAP tərəfindən təmin olunacaq.

TAP layihəsi Avropa enerji bazarı üçün son illər irəli sürülən ən önəmli layihələrdəndir. Layihənin strateji əhəmiyyəti onun enerji təminatının təhlükəsizliyini, mənbələrin və marşrutların şaxələndirilməsini əks etdirməsindən irəli gəlir. Bu amillər hazırda enerji tələbatının yarıdan çoxunu xarici mənbələr hesabına təmin edən və daxili enerji istehsalında nəzərəçarpacaq qıtlıq yaşayan Avropa İttifaqı üçün olduqca vacibdir. Bu baxımdan TAP Avropanın enerji siyasətində mühüm əhəmiyyət kəsb edir. TAP-ın keçdiyi 3 ölkədə işçilər 65 milyon kilometrədək yol qət edib və təxminən 25 milyon nəfər-saat iş görülüb. Boru kəməri 2020-ci ildə Azərbaycanın “Şahdəniz-2” yatağından ilk qazı almağa hazır olacaq.

İndiyədək Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9 milyard dollar vəsaitin 0,7 milyard dolları TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.