İQTİSADİYYAT


TAP ilə Yunanıstan-Bolqarıstan İnterkonnektoru arasında yeni sənədlər imzalanacaq

Bakı, 22 iyun, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru olan TAP AG şirkəti ilə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece-Bulgaria - IGB) arasında bir sıra yeni sənədlər imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilir ki, sənədlər iyunun 29-da Sofiyada keçiriləcək Mərkəzi və Cənub-Şərqi Avropada Qazötürücü Şəbəkənin İnşası (CESEC) üzrə yüksək səviyyəli qrupun beşinci iclası çərçivəsində imzalanacaq.

İclasda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, enerji və iqlim dəyişikliyi üzrə avrokomissar Miguel Arias Cañete, Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova və digər rəsmi şəxslər iştirak edəcək.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazı Bolqarıstana çatdıracaq. Bolqarıstan bu kəməri ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var. 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.

Qeyd edək ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.

İndiyədək TAP layihəsinə 2,9 milyard avro sərf olunub. Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9 milyard dollar vəsaitin isə 0,7 milyard dolları TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Layihənin ümumi dəyəri 4,5 milyard avro qiymətləndirilir. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.

Kəmərin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahəsində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinliyindən keçəcək. “Saipem S.p.A” şirkəti mikrotunel daxil olmaqla, Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatını və quraşdırılmasını həyata keçirəcək. İzolyasiya edilmiş 36 düymlük borular və digər qurğular isə TAP tərəfindən təmin olunacaq. TAP-ın Adriatik dənizindən keçəcək hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.