İQTİSADİYYAT
TAP-ın Albaniya hissəsinin tikintisində istifadə ediləcək boruların 65 faizi sahələrə çatdırılıb
Bakı, 13 yanvar, Nihad Budaqov, AZƏRTAC
“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniya hissəsinin inşasında istifadə olunacaq boruların 65 faizi tikinti sahələrinə çatdırılıb.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.
“Ötən ilin aprelindən etibarən TAP-ın tikintisində istifadə olunacaq borular Albaniyanın Durres limanına gəlməkdə davam edir. TAP-ın 215 kilometrdən çox Albaniya hissəsinin inşasında istifadə ediləcək 13 min borunun indiyədək təxminən 8 min 450-si (65 faizi) tikinti sahələrinə təhvil verilib”, - deyə L.Givert əlavə edib.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində təxminən 32 min, Albaniya hissəsində 13 min, Adriatik dənizi hissəsində 8 min, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).