İQTİSADİYYAT
TAP-ın Albaniyadan keçən hissəsinin tikintisi müvəqqəti dayandırılıb
Bakı, 10 may, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniya ərazisindən keçən hissəsinin inşası müvəqqəti dayandırılıb.
AZƏRTAC boru kəmərinin operatoru olan TAP AG şirkətinə istinadla xəbər verir ki, buna səbəb tikinti işləri zamanı Korçe vilayətinin Turan kəndi ərazisində qədim yaşayış məskəninin izlərinin aşkarlanmasıdır. Qiymətləndirməyə əsasən, tapılan qalıqlar eradan əvvəl X-IX əsrlərə məxsusdur. Layihənin podratçısı tikinti işlərini dərhal dayandırıb və tapılan əşyalar barədə Albaniyanın Arxeoloji Xidmət üzrə Agentliyinə məlumat verilib. Hazırda alban arxeoloqlar tərəfindən ərazidə qazıntı işləri aparılır. Boru kəmərinin tikintisində işlər azı 1 ay gecikəcək.
TAP-ın tarixi irs üzrə baş məsləhətçisi Nil Ferbern bildirib ki, konsorsium tarixi və mədəni irsin qorunmasına olduqca böyük əhəmiyyət verir.
İndiyədək Albaniyada TAP kəməri marşrutu üzrə 98 kilometr ərazi təmizlənib, 84 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 71 kilometri qaynaq edilib. Təxminən 50 kilometr boru isə qaynaq edildikdən sonra torpağa basdırılıb. TAP-ın 215 kilometrlik Albaniya hissəsinin inşasında istifadə ediləcək təxminən 13 min borunun indiyədək 85 faizi sahələrə təhvil verilib.
Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro civarında olacaq. Ümumilikdə, kəmərin Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək.
Albaniya Bankı (“Bank of Albania”) tərəfindən yayılan məlumata görə, ötən il bu ölkədə TAP layihəsinə yatırılan 369 milyon avro dəyərindəki sərmayə birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə Fierdə (Albaniya) kompressor stansiyasının tikintisinə başlanılıb.
Təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP-ın inşası üzrə işlərin 40,3 faizi görülüb. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir.
“Şahdəniz” konsorsiumu layihə çərçivəsində ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən bir il sonraya, 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Artıq Yunanıstan və Albaniyada kompressor stansiyalarının tikintisi gedir. Albaniyada 70 kilometrdən çox, Yunanıstanda isə 203 kilometr boru qaynaq edilib.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. Bu kəmər Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri Yunanıstanın Türkiyə sərhədində TANAP-la birləşəcək. Daha sonra Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə - Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxaraq bu ölkənin qaz nəqli şəbəkəsinə bağlanacaq.
Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə 37 düym). Onun ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdən, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq.
TAP səhmdarlarının pay bölgüsü belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).