TƏRƏFLƏR ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIRLAR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, İsrail parlamentinin deputatı Amnon Koenin başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti iyunun 2-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovla görüşmüşdür.
Səməd Seyidov qonaqları salamladıqdan sonra ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni sahələrdəki münasibətlərimizin inkişafından danışdı. O qeyd etdi ki, Azərbaycan bu gün həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edir və beynəlxalq əlaqələrin və əməkdaşlığın genişlənməsində maraqlıdır.
Sonra komissiya sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, problemin həlli ilə bağlı rəsmi Bakının ədalətli mövqeyi barədə ətraflı məlumat verdi.
Amnon Koen demişdir ki, Azərbaycana səfərdən məqsəd Bakıda keçirilən “Xəzər, neft-qaz - 2004” 11-ci beynəlxalq sərgi və konfransda iştirak etməkdir. Bununla yanaşı, onlar bir sıra ikitərəfli görüşlər keçirmək və əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparmaq niyyətindədirlər. Bu görüşdən məqsəd parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməkdir.
Qonaq onu da vurğulamışdır ki, İsrail Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var