İQTİSADİYYAT


TARİF ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. İclasda “Rabitə xidmətləri üçün tariflər” qiymət cədvəlinin 3-cü “Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər”, 6-cı “Dövlət radiorabitə, radioyayım və televiziya yayımı texniki vasitələrindən istifadə olunmasına görə tariflər” və 7-ci “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” bölmələri üzrə tariflərə baxılmış və müvafiq qərar qəbul edilmişdir.

Ümumilikdə, Tarif (qiymət) Şurasında baxılmış əksər tariflər, o cümlədən 3-cü bölmə üzrə 17 faizdən 40 faizədək, 6-cı bölmə üzrə 10 faizdən 60 faizədək, 7-ci bölmə üzrə isə 5,4 faizdən 75 faizədək aşağı salınmışdır.

“Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər” bölməsi üzrə qəbul edilmiş variantda texnoloji dəyişikliklər, xidmətlərin sadələşdirilməsi və s. məsələlər nəzərə alınaraq tariflərin sayı 80-dən 50-yə endirilmiş, 40-a qədər xidmət növü üzrə isə yeni aşağı tariflər müəyyənləşdirilmişdir.

Yeni qəbul edilmiş tariflərdə həm də struktur baxımından bir sıra mühüm dəyişikliklər edilmişdir. Belə ki, yeni tariflər əvvələr respublikanın bütün ərazisi üzrə tətbiq olunan vahid tarif prinsipi ilə deyil, zona prinsipi əsas götürülməklə hazırlanmışdır. 1-ci zonaya Bakı, Abşeron, Sumqayıt, 2-ci zonaya isə respublikanın digər bölgələri, o cümlədən Naxçıvan MR aiddir.

1-ci zonada bütün operatorlardan MDB və Baltikyanı ölkələrə 1 dəqiqə danışıq üçün tarif 2700 manatdan 2250 manata, İran və Türkiyəyə danışıqlar üzrə 5400 manatdan 4500 manata (16,7 faiz) endirilmişdir.

Avropa ölkələri istiqamətində danışıqlar üçün tariflər 7200 manatdan 5400 manata (25 faiz), Amerika və digər ölkələrə danışıqlar isə 9000 manatdan 7200 manatadək (20 faiz) aşağı salınmışdır.

2-ci zonada tariflər bütün operatorlardan danışıqlar üçün MDB və Baltikyanı ölkələrə 2700 manatdan 1800 manata, İran və Türkəyəyə 5400 manatdan 3600 manata (33,3 faiz), Avropa ölkələri istiqamətində tariflər 7200 manatdan 4500 manata (37,5 faiz), Amerika və digər ölkələr üçün isə 9000 min manatdan 5400 manata (40 faiz) endirilmişdir.

Hər iki zona üzrə kartlı taksofonlardan aparılan danışıq haqları da müvafiq olaraq tənzimlənmişdir.

Tarif (qiymət) Şurasının qərarına əsasən, Trans-Asiya–Avropa beynəlxalq fiber optik kabel magistralından istifadə etməklə yaradılan kanallar və şəhərlərarası rəqəmsal kanalların tariflərində də dəyişiklik edilmişdir. Belə ki, burada xidmətlərin əksər hissəsi eyni mahiyyət daşıdığından birləşdirilmiş və tariflər tutumdan asılı olaraq hər 50 kilometr məsafə üçün müəyyən edilmişdir. Bu tariflər 2,6 dəfədən 4 dəfəyədək aşağı salınmış, istifadəçilərdən və istifadə şərtlərindən asılı olaraq güzəştlər müəyyən edilmişdir.

Şəhərlərarası və beynəlxalq telefon rabitə xidmətləri üçün tariflər 2004-cü il sentyabrın 1-dən tarixdən, respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə tarifləri (Bakı şəhəri istisna olunmaqla) 2004-cü il oktyabrın 1-dən qüvvəyə minəcəkdir.

VI bölmə (“Dövlət radiorabitə, radioyayım və televiziya yayımı texniki vasitələrindən istifadə olunmasına görə tariflər”) üzrə bütün istehlakçı qrupları nəzərə alınmaqla 160-a yaxın tarifə baxılmış, mövcud tariflər əhəmiyyətli dərəcədə (10 faizdən 60 faizədək) aşağı salınmışdır.

Tariflərin səviyyəsinin aşağı salınması respublikanın ayrı–ayrı bölgələrində özəl telekanalların yayımının genişlənməsinə mühüm təsir göstərəcəkdir ki, bu da indiyədək mövcud olan tariflərin məhdudlaşdırıcı rolunun aradan qaldırılmasına, bu sahədə tarif (qiymət) siyasətinin optimallaşmasına imkan verəcəkdir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin Teleradio İstehsalat Birliyinin ərazisində kənar təşkilatlara məxsus avadanlığın yerləşdirilməsi üçün tariflərə də yenidən baxılmış və bu tariflər 10–60 faiz arasında aşağı salınmışdır. Belə ki, hazırda Teleradio İB-nin ərazisində kənar təşkilatlar hər quraşdırılan avadanlığa görə bir ay üçün istehsalat birliyinə 3 milyon manat ödədiyi halda, yeni tariflərin tətbiqi nəticəsində birliyin ərazisində bir avadanlığın yerləşdirilməsi üçün 1,5 milyon manat ödəyəcəklər.

Teleradio İB-nə məxsus yerüstü peyk stansiyalarından istifadə etməklə beynəlxalq peyk rabitə kanallarının Azərbaycan tərəfi hissəsinin təşkili üçün tariflər də 7 faizdən 25 faizədək aşağı salınmışdır.

Bu bölmə üzrə tariflərin 1-ci hissəsi 2005-ci il yanvarın 1-dən, 2-ci və 3-cü hissələri isə 2004-cü il sentyabrın 1-dən qüvvəyə minəcəkdir.

Tarif (qiymət) Şurasının iclasında “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” bölməsi üzrə bütün istehlakçı qrupları nəzərə alınmaqla 200-ə qədər tarifə də baxılmış və 70-ə yaxın tarif aşağı salınmışdır.

Belə ki, yerüstü peyk rabitə sistemlərinin, TV və radioyayım vericilərinə tətbiq olunan mövcud tariflər xüsusilə yüksək olduğundan bu tariflər yenidən işlənilmiş, aşağı, orta, yüksək, 88-108 Mhz dalğa diapazonunda işləyən radioyayım vericiləri üçün metrlik, desimetrlik diapazonda televiziya vericiləri, iki stansiya arasında bir radiorele xəttində bir tezlik kanalının istismarı, televiziya proqramlarının peykə ötürülməsi, yerüstü peyk stansiyalarından verilənlərin ötürülməsi zamanı tezliklərin təmin edilməsi tarifləri 5,4 faizdən 75 faizədək, bəzi xidmət tarifləri isə 4 dəfəyədək endirilmişdir.

Bu bölmə üzrə tariflər 2004-cü il sentyabrın 1-dən qüvvəyə minəcəkir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.