SİYASƏT
TARİXİMİZİ ŞƏRƏFLƏNDİRƏN ŞƏXSİYYƏT
İMİŞLİ RAYON QADINLARININ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ MÜRACİƏTİNDƏ BELƏ DEYİLİR
Möhtərəm Prezident!
Hər bir xalqın həyatında elə məqamlar olur ki, onun gələcək taleyini müəyyən edir. Belə məqamlarda xalq öz taleyini etibar edə biləcəyi qüdrətli rəhbərə, qeyrətli sərkərdəyə ehtiyac duyur. Biz böyük fərəh hissi ilə qeyd edirik ki, Siz belə şəxsiyyətlərdənsiniz!
Vaxtilə AXC-Müsavat iqtidarının müstəqil Azərbaycan dövlətini uçuruma aparan siyasəti nəticəsində sosial-iqtisadi və maddi-mənəvi böhranın dərinləşməsi xalqımız üçün ağır faciələr törətdi.
Həmin dövrdə dövlətçiliyimizi dağılmaqdan xilas edə biləcək milli liderə ciddi ehtiyac var idi. Bu zərurəti ziyalılarımız, o cümlədən qadınlarımız daha dərindən hiss edirdilər. Məhz belə bir zamanda Siz xalqın imdadına çatdınız. Hakimiyyətə qayıdışınızla müharibə gedən bir ölkədə siyasi sabitlik yarandı. Suverenliyi və müstəqilliyi sivil və demokratik dəyərlərə söykənən dövlət qurmaq kimi şərəfli bir missiyanı öhdənizə götürdünüz. Həyat sübut etdi ki, xalq Sizi hakimiyətə gətirməkdə səhv etməmişdir.
Möhtərəm Prezident!
Sizin rəhbərliyinizlə respublikamızda uğurlu iqtisadi islahatlar həyata keçirilir, xarici sərmayədarlar ölkəmizə gəlir, beynəlxalq maliyyə qurumları Azərbaycana yardım göstərir. Artıq dünya Azərbaycan həqiqətlərini etiraf etməkdədir. İnanırıq ki, işğal olunmuş vətən torpaqları Sizin apardığınız müdrik siyasət nəticəsində tezliklə azad olunacaq, didərgin düşmüş soydaşlarımız öz yurd-yuvalarına qayıdacaq və ərazi bütövlüyümüz təmin olunacaqdır.
Cənab Prezident!
Qarşıdan prezident seçkiləri gəlir. Biz İmişli rayonunun qadınları yekdilliklə belə qərara gəlmişik ki, Sizin namizədliyinizi irəli sürək və bir nəfər kimi Sizi dəstəkləyək.
Sizə ulu Tanrıdan möhkəm cansağlığ, dövlətçiliyimizin möhkəmlənməsi yolunda uğurlar arzulayırıq.
Müraciət mayın 14-də İmişli rayonu qadınlarının konfransında qəbul edilmişdir.