DÜNYA
TARKANIN BAKIDA VERDİYİ KONSERT QARDAŞ ÖLKƏNİN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ GENİŞ İŞIQLANDIRILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 28-də Türkiyənin bir neçə özəl televiziya kanalı məşhur müğənni Tarkanın Bakıda, Tofiq Bəhrəmov adına stadionda Respublika günü münasibətilə təşkil olunan konserti haqqında geniş məlumat yaymışdır. Mayın 29-da isə konsert proqramı haqqında xəbərlər Türkiyənin nüfuzlu və yüksək tirajlı “Hürriyyət”, “Milliyyət”, “Radikal”, “Axşam”, ”Türkiyə” və “Zaman” qəzetlərində çap olunmuşdur. Türk jurnalistləri konsertdən sonra Tarkandan müsahibə almışlar. Müğənni indiyədək dünyanın bir çox ölkəsində konsert proqramı ilə çıxış etdiyini və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını söyləmiş, lakin Bakıda tamamilə başqa əhval-ruhiyyə yaşadığını etiraf etmişdir. Tarkan demişdir ki, Azərbaycana daha öncə gəlmədiyim üçün təəssüf hissi keçirirəm. Buradakı tamaşaçıların mənə bəslədiyi hörmət və sevgi hissini yaddaşıma möhkəm həkk etmişəm. Bakıya gəlməyimdən çox məmnunam.
Azərbaycandan sonra müğənni Moskvada da konsert proqramı ilə çıxış etməyi planlaşdırır.