REGİONLAR
TARLALARDA ÜÇÜNCÜ KOMPLEKS BECƏRMƏ TƏDBİRLƏRİ APARILIR
Ağdaş rayonunda pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 2006 hektarda becərmə işlərini uğurla davam etdirirlər. Hazırda tarlalarda üçüncü kompleks becərmə aparılır.
Rayon icra hakimiyyətinin aqrar şöbəsində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu mövsümdə 312 nəfər fiziki şəxs pambıqçılıqla məşğul olur. Sahibkarlar əkin sahələrini ötən ildəkinə nisbətən 475 hektar artırmışlar. Kultivasiya, kətmənləmə, ziyanvericilərə qarşı dərmanlama keyfiyyətlə aparılır. Pambıqçılara “Ağdaş-pambıq” ASC hərtərəfli kömək göstərir.
Tarlaların hazırkı vəziyyəti gələcək yüksək məhsuldan xəbər verir. Pambıqçılıqla daha çox məşğul olunan Kürqırağı ərazilərdə, xüsusilə Ağzıbir, habelə Kotavan, Abad, Qaradeyin, Eymur və başqa kəndlərdə bol məhsul gözlənilir.
Mütəxəssislərin qənaətinə görə, bu il rayonda ötən ildəkindən xeyli çox, təxminən 3000-3500 ton pambıq istehsal ediləcəkdir.