REGİONLAR
TƏSƏRRÜFATLARA DÖVLƏT BÜDCƏSİNDƏN SUBSİDİYALAR ÖDƏNİLƏCƏKDİR
Bu gün Azərbaycanda strateji məhsul olan taxılçılığın, habelə üzümçülüyün inkişafı xüsusi diqqət mərkəzindədir. Təbii ki, bu, hər şeydən əvvəl fermerlərin və digər torpaq mülkiyyətçilərinin yüksək reproduksiyalı toxuma, eyni zamanda xəstəliklərə davamlı və məhsuldar tinglərə olan tələbatının ödənilməsi səviyyəsindən çox asılıdır. Respublika Nazirlər Kabinetinin “Toxumçuluq və tingçilik təsərrüfatlarından satılan I və II reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi qaydası barədə” 2007-ci il 25 iyun tarixli qərarı belə bir məqsəd güdür.
Avqustun 17–də Kənd Təsərrüfatı Nazirliyinin Ucarda keçirdiyi zona seminar-müşavirəsində bütün bunlar barədə ətraflı danışılmışdır. Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonları icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinlərinin, adıçəkilən qərarın icrası ilə əlaqədar rayonlarda yaradılmış komissiyaların sədr və üzvlərinin, özəl toxumçuluq təsərrüfatları rəhbərlərinin, mütəxəssislərin və bələdiyyə sədrlərinin qatıldığı zona seminar-müşavirəsini Ucar Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nurməmməd Tağıyev açmış, kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev seminar-müşavirədə çıxış edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, son vaxtlar bu sahədə imzalanmış fərman və sərəncamların əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Seminar-müşavirədə I və II reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi ilə əlaqədar qərarın aqrar sahədə çalışan insanlar tərəfindən müsbət qarşılandığını, bunun taxılçılığın inkişafına və məhsul istehsalının artımına ciddi təsir göstərəcəyi bildirilmişdir.
Seminar-müşavirədə payız əkinlərinə hazırlıq işlərindən, subsidiyaların verilməsi ilə əlaqədar sənədlərin tərtibi qaydalarından, bununla bağlı rayon komissiyalarının fəaliyyətindən və digər məsələlərdən danışılmışdır.
Açıq diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.