İQTİSADİYYAT
TASİS LAYİHƏLƏRİNİN ALICILARI ÜÇÜN MƏŞĞƏLƏLƏR DAVAM ETDİRİLƏCƏK
MƏB-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, beynəlxalq mütəxəssislərin iştirakı ilə məşğələlər silsiləsi 2004-cü ildə də keçiriləcəkdir.
Məşğələlər Azərbaycanın TASİS proqramlarına qoşulmaq səviyyəsini artırmaq üçün təşkil olunur. Bu isə respublikamızın Avropa Birliyinin texniki yardımından maksimum səmərəli istifadə etməsinin təmin olunmasını nəzərdə tutur.
TASİS-in fəaliyyət proqramına informasiya dəstəyi çərçivəsində informasiya sorğu kitablarının hazırlanması, habelə layihələrin gələcək alıcılarına məsləhətlər verilməsi də planlaşdırılır.
Xatırladaq ki, 2004-2006-cı illər üçün fəaliyyət proqramı çərçivəsində nəzərdə tutulan layihə işlərinin ümumi dəyəri 30 milyon avrodur.
Sərhədlərin idarə olunmasının modernləşdirilməsi və insan alverinin qarşısının alınması, pensiya sisteminin və sosial yardımın inzibati strukturunun inkişafı, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin institusional sisteminin inkişafı proqramlarının həyata keçirilməsi davam etdiriləcəkdir.
Avropa Birliyi Azərbaycanın özəl sektorunun inkişafına xüsusi diqqət yetirərək, bu sahə üzrə layihələrə 13 milyon avro ayırmışdır.