SİYASƏT


TASS və Trend agentliklərinin birgə layihəsi olan eastweststream.com portalının təqdimatı keçirilib VİDEO

Platformanın məqsədi regionda gedən prosesləri hərtərəfli işıqlandırmaq, Şərq və Qərbdən informasiya axınını təmin etməkdir

Bakı, 17 iyul, AZƏRTAC

Heydər Əliyev Mərkəzində Rusiyanın TASS və Azərbaycanın Trend informasiya agentliklərinin birgə layihəsi olan https://eastweststream.com/  portalının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, platformanın məqsədi regionda baş verən hadisələr barədə analitik məlumatlar, iqtisadi sahələri əhatə edən xəbərlər yaymaq, Şərq və Qərbdən informasiya axınını təmin etməkdir. Portal, həmçinin geosiyasi proseslər, eləcə də enerji ehtiyatları ilə zəngin regionların potensialı, maliyyə durumu və siyasi həyatı barədə etibarlı xəbər mənbəyi kimi çıxış edəcək.

Təqdimat mərasimində çıxış edən Mixail Qusman bildirib ki, Azərbaycanda qədim ənənələrə malik olan jurnalistika daim dəqiqliyi ilə seçilib. “Azərbaycanda rus dilinə həmişə böyük önəm verilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirib. Yeni platforma Rusiya və Azərbaycan mediasının perspektivli layihələrindən biridir”, - deyə o qeyd edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib ki, Azərbaycanın və Rusiyanın informasiya bazarının iki nüfuzlu media subyektinin bir araya gələrək təqdim etdiyi "Eastweststream" platforması dünyanın siyasi və biznes elitasının diqqətini cəlb etməklə yanaşı, region haqqında yalnız operativ deyil, həmçinin mötəbər informasiya qaynağı olacaq: “Şübhə etmirik ki, bu platforma Şərq və Qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər və keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılaya biləcək”.

Tədbirdə, həmçinin TASS agentliyinin baş direktorunun müavini Mixail Kolmıkov, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Milli Məclisin deputatı Nizami Səfərov, CBC televiziyasının rəhbəri Vüqar Xəlilov, Real TV-nin direktoru Mirşahin Ağayev və Trend agentliyinin baş direktorunun müavini Emin Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu illər ərzində Azərbaycanda dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş media sektoru da sürətlə inkişaf edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın medianın inkişafına yönəlik addımları milli mətbuat ənənələrinə söykənən, müasir çağırışlarla ayaqlaşan media strukturlarının informasiya məkanına çıxmasına əlverişli şərait yaradıb. Azərbaycan mediasının qlobal media bazarına inteqrasiyası məhz Prezident İlham Əliyevin jurnalistikanın inkişafına həssas münasibəti nəticəsində mümkün olub. Bu gün təqdimatı keçirilən layihə də media sahəsində aparılan uğurlu dövlət siyasətinin daha bir təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.