REGİONLAR
TAXIL İSTEHSALI ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT VƏ İMKAN VARDIR
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsulları istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev AZƏRTAC-a bildirmişdir ki, güclü qar özü ilə həm də xeyir-bərəkət gətirmişdir. Qar birillik bitkilərin, xüsusilə taxılın cücərməsinə yaxşı imkan yaradır, zərərvericiləri, o cümlədən gəmiriciləri, taxıl hafını məhv edir, torpaqda havalanma prosesini yaxşılaşdırır, nəmlənməni, münbitliyi artırır. Bütün bunlar bitkilərin vegetasiya dövründə normal böyüməsinə imkan yaradır. Qar örtüyü meyvə ağaclarının inkişafı üçün də faydalıdır. Beləliklə, bu ilin vegetasiya dövründə əkinlərin məhsuldarlığının 20-30 faiz artacağını proqnozlaşdırmaq olar.
Şöbə müdiri qeyd etmişdir ki, bu il keçən ilə nisbətən 166 min hektar çox taxıl əkilmişdir. Onun 130 min hektarı buğdanın payına düşür. Ölkəmizin Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007- ci il 23 yanvar tarixli Sərəncamı da taxılçıların maddi marağını artırmışdır.