SİYASƏT
TBİLİSİDƏ CƏNUBİ QAFQAZ PARLAMENT TƏŞƏBBÜSÜ QRUPUNUN İCLASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Fevralın 26-da Tbilisidə Böyük Britaniyanın “Links” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə Cənubi Qafqaz Parlament Təşəbbüsü qrupunun növbəti iclası öz işinə başlamışdır. İclasda Azərbaycan, Gürcüstan və Ermənistan parlamentlərinin deputatları ilə yanaşı, Avropa Şurasının, ATƏT-in, AŞPA-nın, NATO-nun nümayəndələri də iştirak edirlər.
Gürcüstan parlamentinin sədri Nino Burcanadze iclası açaraq, Cənubi Qafqazdakı vəziyyətdən, münaqişələrin aradan qaldırılması istiqamətində görülən işlərdən, bölgə ölkələrinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığından danışdı.
Gürcüstanın xarici işlər naziri İrakli Menağarişvili Prezident Eduard Şevardnadzenin iclas iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra çıxışlar başladı. Azərbaycan nümayəndə heyətinin başçısı Siyavuş Novruzov 11 il əvvəl ölkəmizin Xocalı şəhərində erməni təcavüzkarların qanlı faciə törətdiyini xatırlatdı və bu faciə nəticəsində vəhşicəsinə qətlə yetirilən yüzlərlə günahsız və dinc insanın xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etdi. Ermənistan deputatları bu təklifə etiraz edərək salondan çıxdılar. Lakin iclasın qalan bütün iştirakçıları ayağa qalxaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər.
Siyavuş Novruzov çıxışında Cənubi Qafqazın səmərəli beynəlxalq əməkdaşlıq üçün mühüm coğrafi məkanda yerləşdiyini, Avropanı Asiya ilə, Şimalı Cənubla birləşdirən əsas nəqliyyat dəhlizlərinin məhz buradan keçdiyini, dünyanın bir çox dövlətlərinin bu bölgəyə xüsusi maraq göstərdiyini xatırlatdı. Prezident Heydər Əliyevin böyük səyləri və məqsədyönlü siyasəti sayəsində Azərbaycanda ictimai-siyasi vəziyyətin sabitləşdiyini və bunun qonşu dövlətlərə də müsbət təsir göstərdiyini, respublikamızın xarici sərmayələr üçün ən cəlbedici ölkəyə çevrildiyini, iqtisadiyyatın inkişafındakı uğurları vurğuladı. O, Azərbaycanda Avropa dəyərlərinin bərqərar edilməsi, insan hüquqları və azadlıqlarının təmin olunması, demokratik təsisatlar yaradılması sahəsində görülən və bunun sanballı nəticələrindən söhbət açdı. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzünün, illərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinin təkcə respublikamızın deyil, həm də Ermənistanın özünün və bütövlükdə bölgənin inkişafına böyük əngəl törətdiyini bildirdi.
Fasilədən sonra salona qayıdan Ermənistan deputatları özlərinin həyasızlığı ilə bütün iclas iştirakçılarını heyrətləndirdilər. Onlar Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasının iclasın gündəliyində olmadığı halda, Azərbaycan nümayəndələrinin bu məsələni qaldırmaqla səhv etdiklərini boyunlarına almasını təklif etdilər. Lakin Siyavuş Novruzov onlara tutarlı cavab verib dedi ki, biz heç bir səhv etməmişik, Xocalı soyqırımı faktdır və onun qurbanlarının xatirəsini anmaq hər bir vicdanlı və özünə hörməti olan insanın borcudur.
İclas işini davam etdirir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi