ELM VƏ TƏHSİL
TBİLİSİDƏ REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR
Konfransın təşkilatçıları Almaniyanın Xalq Universitetləri Assosiasiyasının Beynəlxalq Əlaqələr İnstitutunun regional nümayəndəliyi, Təhsil Siyasəti, Planlaşdırma və İdarəetmə üzrə Beynəlxalq İnstitutu, Məşğələ və Konsaltinq Mərkəzi, İnsan Resurslarının İnkişafı Fondu, YUNESKO, SOROS Fondu, Göte adına Alman Mədəniyyəti İnstitutu, Gürcüstan Təhsil və Elm Nazirliyi idi. Tədbirdə Cənubi Qafqaz ölkələrinin yaşlıların təhsili üzrə təşkilatları, Ticarət-Sənaye Palatasının, işəgötürənlər təşkilatlarının nümayəndələri, Qazaxıstan, Qırğızıstan, Latviya, Ukrayna və Rusiyadan ekspertlər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, “Təhsil” Cəmiyyətinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Baş Məşğulluq İdarəsinin, Tədris Mərkəzinin, İqtisadi İslahatlar Mərkəzinin və başqalarının nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirmişlər ki, Cənubi Qafqaz ölkələrinin təhsil nazirliklərinin nümayəndələri yaşlıların təhsili sahəsində dövlət siyasəti haqqında məruzə etmişlər. Təhsil Nazirliyinin Peşə Hazırlığı üzrə Əlaqələndirmə Mərkəzinin sədri Ramiz Məmmədzadənin Azərbaycanda peşə hazırlığının vəziyyəti və görülmüş işlər haqqında məruzəsi maraqla qarşılanmışdır.
Yaşlıların təhsili sahəsində sosial tərəfdaşlığa həsr edilmiş bölmədə 3 ölkə üzrə təqdimatlar edilmişdir. Azərbaycanda yaşlıların təhsili sahəsində sosial tərəfdaşlığın vəziyyəti, problemlər, perspektivlər və təkliflər haqqında ASK-nın baş katibinin müavini Gülşən Rzayeva çıxış etmiş və konfederasiyanın bu sahədə gördüyü tədbirlər haqqında məlumat vermişdir.