ELM VƏ TƏHSİL
TBİLİSİDƏ YAŞLI NƏSLİN YENİ İXTİSASALMA PROBLEMİ MÜZAKİRƏ EDİLƏCƏKDİR
Dekabrın 4-də Tbilisidə yaşlı nəslin yeni ixtisasalması mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransı Almaniya Xalq Universitetləri Assosiasiyasının Beynəlxalq Əməkdaşlıq İnstitutu (BƏİ) təşkil etmişdir.
BƏİ-nin Azərbaycandakı milli əlaqələndiricisi Fuad Muradov AZƏRTAC-ın müxbirinə demişdir ki, iki gün davam edəcək konfransa hazırlıq işləri yekun mərhələsindədir. Tədbirdə bir sıra məsələlər, o cümlədən işsiz yaşlı vətəndaşların işədüzəlmə problemi müzakirə ediləcəkdir.
O vurğulamışdır ki, respublikamızda BƏİ-nin köməyi ilə 12 regional informasiya mərkəzinin müəllimləri üçün peşə hazırlığı kursları təşkil olunmuşdur.
BƏİ-nin layihələri 30 ildən çoxdur ki, bütün dünyada həyata keçirilir və Avropa Birliyi, Almaniyanın xarici işlər, iqtisadi əməkdaşlıq və inkişaf nazirlikləri tərəfindən dəstəklənir.