SİYASƏT
TBMM-in deputatı: Türkiyə parlamentinin üzvü olsam da, qardaş Azərbaycanın da maraqlarını sonadək müdafiə edəcəyəm VİDEO
Ankara, 16 sentyabr, AZƏRTAC
Bakının işğaldan azad edilməsinin 103-cü ildönümünü təbrik edirəm. İnşallah, bir daha belə işğalları, ermənilərin vəhşiliklərini, qırğınları yaşamayacağıq. Mən Türkiyə parlamentinin üzvü olsam da, ölkəmizdə və beynəlxalq görüşlərdə qardaş Azərbaycanın da hüquqlarını və maraqlarını sonadək müdafiə edəcəyəm.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Ankarada fəaliyyət göstərən Yerli Düşüncə Dərnəyinin sədri Mətin Gündoğdu bildirib.
Azərbaycanın Türkiyənin mənəvi və siyasi dəstəyi ilə Qarabağı işğaldan azad edərək böyük qələbə qazandığını, Azərbaycan və Türkiyənin bundan sonra da “bir millət, iki dövlət” idealı ilə irəliləyəcəyini, Şuşa Bəyannaməsinin hüquqi əsaslara malik sənəd olduğunu və gələcəkdə həm Azərbaycana, həm də Türkiyəyə qarşı hücum olarsa birgə hərəkət etməklə bağlı qərar verildiyini diqqətə çatdıran türkiyəli deputat deyib ki, bu, çox düzgün qərardır, çünki biz qardaşıq. Azərbaycan və Türkiyə ayrı-ayrı dövlətlərdir, amma biz bir millətik, azərbaycanlı qardaşlarımızı özümüzdən, Anadoludan ayırmırıq. Odur ki, bu razılaşma ilə növbəti dövrdə Azərbaycanın köməyə ehtiyacı olarsa, türk ordusu orada olacaq. Türk ordusunun köməyə ehtiyacı olarsa, Azərbaycan ordusu burada olacaq, Bu birliyi əbədi davam etdirəcəyik. Bunu ikinci Qarabağ müharibəsində, ermənilərlə apardığımız son savaşlarda gördük, bütün dünya birliyimizin şahidi oldu. Buna görə də bizim coğrafiyada böyük bir birlik formalaşacaqsa, bu, Azərbaycan və Türkiyənin liderliyi ilə baş verəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara