SİYASƏT
TEHRANDA AÇILMIŞ BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ AZƏRBAYCANIN 12 ADDA KİTABI NÜMAYİŞ ETDİRİLİR
May ayının 4-də Tehranda Beynəlxalq kitab sərgisi açılmışdır. Azərbaycanın İİR-dəki səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, dünyanın 60 ölkəsinin 700-dən artıq nəşriyyatının iştirak etdiyi bu sərgidə respublikamızın bir sıra nəşriyyatlarının da məhsulları nümayiş etdirilir. Onların arasında İran cəmiyyətində Azərbaycanı tanıtmaq, tariximizə, mədəniyyətimizə, bu gün ölkədə gedən ictimai-siyasi proseslərə, quruculuq işlərinə dair səfirliyin daxil imkanları hesabına nəşr olunmuş 12 adda kitab, o cümlədən fars dilində “Qarabağ”, “Çarizmi Azərbaycana gətirənlər”, ərəb qarfikası ilə Azərbaycan dilində “Bəsirət ünvanı”, “Tarixdə iz qoyan azərbaycanlılar” kitabları da vardır.
Sərginin təşkilat komitəsinin dəvəti ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, Milli Məclisin deputatı Anar, birliyin katibi, xalq şairi Fikrət Qoca tədbirdə respublikamızı təmsil etmişlər.
Mayın 7-də nümayəndə heyəti İran İslam Respublikası parlamenti mədəniyyət komissiyasının sədri doktor Purnecati ilə görüşmüşdür. Görüşdə İran və Azərbaycan arasında mədəni əlaqələr, hər iki ölkənin parlamentində bu sahədə görülən işlər müzakirə olunmuşdur.
Mayın 8-də ölkəmizin İrandakı səfirliyində yazıçı Anar və şair Fikrət Qoca ilə səfirlik əməkdaşlarının görüşü keçirilmişdir.
Mayın 9-da sərgidə Azərbaycan Günü keçirilmişdir. Tədbirdə İİR parlamentinin üzvü, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri doktor Şerdust, məşhur cərrah, “Varlıq” jurnalının təsisçisi doktor Cavad Heyət, tanınmış dilçi alim Behzad Behzadi, şair Savalan və digər tanınmış ziyalılar iştirak edirdilər. Onlar İran və Azərbaycan ədəbi-mədəni əlaqələrinın inkişafından söhbət açmış, İranda Azərbaycan, Azərbaycanda isə İran yazıçılarının əsərlərinin tərcümə edilərək yayılmasını məqsədəuyğun hesab etmişlər. Aparılan müzakirələr zamanı hər iki ölkədə gedən ədəbi-mədəni prosesləri əks etdirən müştərək dərgisinin təsis edilməsi qərara alınmışdır.
Müzakirələrdən sonra yazıçı Anarın və şair Fikrət Qocanın İran kütləvi informasiya vasitələrinin nümayəndələri ilə mətbuat konfransı keçirilmişdir.