İQTİSADİYYAT


“TEKNOFEST Azərbaycan”: “Smart Qarabağ” Hakatonu çərçivəsində komandalar “Ağıllı həllər” təklif edirlər

Bakı, 26 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən “Smart Qarabağ” Hakatonunda Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanaraq mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), RİNN və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu təşkil olunub. Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət 30 komanda finalda mübarizə aparmaq hüququ qazanaraq işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində “Ağıllı həllər” təklif edirlər.

Qeyd edək ki, “Smart Qarabağ” Hakatonuna mayın 25-dən start verilib. Bu hakatonun keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində “Ağıllı şəhər” həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir.

Hakatonun finalçıları arasında 20 Azərbaycan və 10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun anbarında mövcud olan avadanlıqların və proqramların spesifikasiyası təqdim olunub və marafon fasiləsiz olaraq 50 saat davam edəcək.

Finalçılar iş prosesində əşyaların interneti (Internet of things), tətbiqi proqramlaşdırma interfeysi (Application Programming Interface), süni intellekt (Artificial Intelligence), bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning), maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications), “Mesh” şəbəkələr (Mesh Networks) və digər texnologiyaların üstünlüklərindən faydalanırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.