İQTİSADİYYAT


“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonuna start verilib

Bakı, 25 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonuna start verilib.

Rəqəmsal Nəqliyyat və İnkişaf Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanaraq mübarizəyə başlayır.

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), RİNN və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu təşkil olunur. Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət 30 komanda finalda mübarizə aparmaq hüququ qazanaraq işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində “Ağıllı həllər” təklif edəcəklər.

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov iştirakçıları salamlayaraq “Smart Qarabağ” Hakatonunun əhəmiyyəti barədə ətraflı məlumat verib.

Elxan Əzizov bildirib ki, bu hakatonun keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində “Ağıllı şəhər” həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir.

Qeyd edilib ki, hakatonun finalçıları arasında 20 Azərbaycan və 10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun anbarında mövcud olan avadanlıqların və proqramların spesifikasiyası təqdim olunub və fasiləsiz olaraq 50 saat davam edəcək marafona start verilib.

Finalçılar iş prosesində əşyaların interneti (Internet of things), tətbiqi proqramlaşdırma interfeysi (Application Programming Interface), süni intellekt (Artificial Intelligence), bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning), maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications), “Mesh” şəbəkələr (Mesh Networks) və digər texnologiyaların üstünlüklərindən faydalanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.