İQTİSADİYYAT


“TEKNOFEST Azərbaycan”da “Azərişıq” Şuşanın rəqəmsal əkizini təqdim edib

Bakı, 27 may, AZƏRTAC

“Azərişıq” ASC ilk dəfə Şuşanın rəqəmsal əkizini (Digital twinning) yaradıb.

AZƏRTAC xəbər verir ki, ASC sədrinin innovasiyalar və 3D mobil xəritələr üzrə məsləhətçisi Elşən Musayev artıq “3D mobil xəritə” ilə Zaqatala, Qəbələ, Gəncə, Quba, Xaçmaz, Xırdalanın rəqəmsal əkizinın yaradıldığını qeyd edib. Proqram növbəti dəfə Şuşada tətbiq olunub.

Elşən Musayev bildirib ki, “3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq”da istifadə edilib və layihələndirmə, tikinti, təmir-bərpa işləri ilə məşğul olan təşkilat, qurum və şirkətlərin də işini asanlaşdıra bilər. Digər kommunal strukturların və şirkətlərin də “Azərişıq”ın “3D mobil xəritə”sindən istifadə etməsi mümkündür. Əsas vacib olan məsələ odur ki, texnologiya tətbiq olunur, data var və bundan istifadə mütləq lazımdır. Şuşaya və digər başqa bir şəhərə getməyə ehtiyac olmayacaq.

Elşən Musayev qeyd edib ki, “3D mobil xəritə”dən istifadə layihələndirmə işlərini icra edən şirkət və təşkilatların xərclərini azalda və şəffaflaşdıra, nəzarət sistemini daha da asanlaşdıra bilər: “Biz bu layihə ilə bütün infrastrukturu pasportlaşdırırıq və hər obyektin hansı koordinatda olduğunu görürük. Burada lokal kadrlardan istifadə olunur. Bundan əvvəl heç bir xarici xəritə proqramları Azərbaycanın dəqiq xəritəsini çəkmədiyi üçün “3D mobil xəritə” bu sahədə öz üstünlüyünü qoruyur”.

Xərclərin optimallaşdırılmasına gəlincə, Elşən Musayev əlavə edib ki, serverdə olan data terabaytlarla ölçülür və bu xidmətdən yararlanmaq istəyən hər quruma əlavə server almağa ehtiyac yoxdur: “Biz serverə girişə icazə verə bilərik və bu halda xərclər azalır. Bildiyimizə görə, 200 terabaytlıq serverlə bağlı xərclər 500 min dollara yaxındır. Əgər bu server birində varsa ikincinin alınmasına ehtiyac olmayacaq. Bu zaman qiymət aşağı düşür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.