İQTİSADİYYAT
“TEKNOFEST” çərçivəsində bu dəfə “SAILPLANER” adlı yeni bir müsabiqəyə start verilib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycanlı tələbələr “TEKNOFEST” Aerokosmik və Texnologiyalar Festivalına hazırlıq çərçivəsində daha bir maraqlı müsabiqədə bilik və bacarıqlarını sınayacaqlar.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalın ən maraqlı müsabiqələrindən biri də ali təhsil müəssisələrinin həm bakalavr, həm də magistr pillələrində təhsil alan tələbələr üçün xüsusi olaraq tərtib edilmiş “SAILPLANER”dir. Belə ki, azərbaycanlı tələbələr əfsanəvi “ASW 28” planer modelinin hazırlanmasında yaxından iştirak edə biləcəklər.
Modelin hazırlanması zamanı tələbələr təyyarə gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriya, proqramlaşdırma, avtonom uçuş mexanizmi, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarının toplanmasını praktiki olaraq tətbiq edəcəklər.
Müsabiqənin şərtlərinə əsasən “SAILPLANER”də 6 nəfərlik tələbə heyətindən ibarət komandalar iştirak edə bilərlər. Komandalar qrup işinə mütləq şəkildə mentor cəlb etməli və final mərhələsinə kimi sabit tərkibdə təmsil olunmalıdırlar. Həmçinin, hər komanda kapitanını öz qrup üzləri arasından seçməlidirlər.
Qeyd edək ki, müsabiqədə iştirak edən komandalara layihənin icrası ilə bağlı müvafiq avadanlıqlardan istifadə etmələri üçün 800 ABŞ dolları civarında texniki dəstək göstəriləcək.
Ali məktəb tələbələri B kateqoriyasını təmsil etməklə I yer 6 min manat, II yer 4 min manat, III yer 2 min manatdan ibarət Mükafat Fondu uğrunda mübarizəyə qoşula biləcəklər.
Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 2022-ci il fevralın 17-dir.
Məlumat üçün bildiririk ki, “TEKNOFEST” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.