TEMPUS LAYİHƏSİNİN YEKUNLARINA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Universitetin rektoru, professor Havar Məmmədov konfransı açaraq demişdir ki, Avropa İttifaqının təhsil və mədəniyyət komissiyasının qrantı hesabına Azərbaycanın dörd ali məktəbi - Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Sumqayıt Dövlət Universiteti (SDU), Mingəçevir Politexnik İnstitutu (MPİ) ilə Almaniyanın Köln, Hollandiyanın Zuyd Heerlen Tətbiqi Elmlər universitetləri arasında əməkdaşlıq çərçivəsində layihə yerinə yetirilmişdir. Layihədən məqsəd AzTU, ADNA, SDU və MPİ-də Avropa standartlarına uyğun “Avtomatlaşdırma və informasiya texnikası”, “Elektroenergetika”, “Ətraf mühitin mühafizəsi texnikası” ixtisasları üzrə bakalavr və magistr təhsil proqramlarının müasirləşdirilməsidir.
Qeyd olunan ali məktəblərdə 2005/2006-cı tədris ilindən bakalavr və magistr hazırlığına başlanmışdır. Bu təhsil pillələri Avropa standartlarına uyğun şəkildə yeniləşdirilmiş, müasir avadanlıqla təchiz edilmiş, müəllimlər təcrübə mübadiləsi məqsədi ilə Almaniya və Hollandiyada olmuşlar.
Təhsil naziri Misir Mərdanov layihənin əhəmiyyətini vurğulamış, onun uğurla reallaşdırıldığını söyləmişdir.
Avropa İttifaqı Komissiyası Avropa Evinin Azərbaycandakı əlaqələndiricisi Volfqanq Sporrer bu qurumun Azərbaycanda ali məktəblərin inkişafında xidmətlərini nəzərə çarpdırmışdır.
Köln Tətbiqi Elmlər Universitetinin rektoru, professor Yoaxim Metznerin “Avropada ali məktəblərin müasirləşdirilməsi prosesi” mövzusunda məruzəsi dinlənilmişdir.
Almaniyanın ölkəmizdəki səfiri Detlef Lingeman konfransın işinə uğurlar arzulamışdır.
layihənin əlaqələndiricisi professor Rza Talibi-Dəryani onun həyata keçirilməsi barədə məlumat vermişdir.
Sonra elm və təhsil, tələbə-müəllim mübadiləsi və birgə layihələrin yerinə yetirilməsi, konfransların keçirilməsi sahəsində müqavilənin tərəfdaş ali məktəblərin rektorları tərəfindən imzalanması mərasimi olmuşdur.