SİYASƏT
TERRORİZMƏ QARŞI MÜBARİZƏDƏ BÜTÜN SƏYLƏR BİRLƏŞDİRİLMƏLİDİR
Bu məsələ ilə bağlı məruzədə və onun ətrafında müzakirələrdə bütün dünyanı qorxu altında saxlamağa çalışan beynəlxalq terrorizmin getdikcə ciddi təhlükəyə çevrilməsi, terrorizmi maliyyələşdirən gizli təşkilatların aşkar edilib üzə çıxarılması barədə geniş bəhs olunmuşdur.
Çıxış edənlər Amerikada, Madriddə və son zamanlar isə Beslanda minlərlə insanın, o cümlədən kiçik yaşlı uşaqların qəddarcasına məhv edilməsi ilə nəticələnmiş terror aktlarını pisləmiş, əsas məqsədi dünya sivilizasiyasına qarşı çevrilmiş terror hərəkətlərinin qarşısını almaqda bütün dünya ölkələrini öz səylərini birləşdirməyə çağırmışlar. Bu gün qonşu dövlətdə terror aktına biganə qalan ölkələrin sabah özünün terrorla üzləşəcəyini bildirən deputatlar Avropa Şurasından bu sahədə lazımi tədbirlər götürməyi tələb etmiş, beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq üçün beynəlxalq hüquq-mühafizə orqanının yaradılmasının vacibliyini vurğulamışlar.
Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə ölkəmizin ermənilər tərəfindən dəfələrlə terror aktlarına məruz qaldığını, bunların nəticəsində yüzlərlə insanın həyatına son qoyulduğunu bildirmiş və həmin dövrdə bir çox ölkələrin və beynəlxalq təşkilatların bu terror hərəkətlərinə göz yumduqlarını xatırlatmışdır.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sessiyada çıxış etmişdir. Baş nazir Avropanın ümumi evi hesab edilən AŞ-nin nəinki Avropada, habelə digər qitələrdə demokratiyanın, insan hüquqlarının müdafiəçisi kimi çıxış etdiyini söyləmiş, demokratiya yolunu tutmuş ölkəsinin bu qurum qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini, beynəlxalq konvensiyalara qoşulduğunu bildirmişdir.
O, Kipr nümayəndə heyətinin tərkibində türk icmasının Avropa Şurasında təmsil olunması barədə AŞPA-nın qərarını yüksək qiymətləndirmişdir.
Getdikcə daha ciddi təhlükəyə çevrilməkdə olan beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələnin AŞPA-nın sessiyasında müzakirə edilməsinin müsbət hal olduğunu deyən Baş nazir, Avropa Şurasını bu qara kabusla mübarizə aparmaq üçün İslam Konfransı Təşkilatı ilə sıx əlaqə saxlamağa çağırmışdır.
Türkiyənin Avropa İttifaqına daxil olması məsələsindən bəhs edən Rəcəb Tayyib Ərdoğan bu sahədə görülmüş işlərdən danışmış, birliyə daxil olmaq naminə bütün səylərini əsirgəməyəcəklərini bildirmişdir. O, vahid Kipr dövlətinin yaradılması, Türkiyənin Avropa İttifaqına üzvlüyə qəbulu, Türkiyə-Bolqarıstan, Türkiyə-Makedoniya münasibətləri, iqtisadi islahatlar, korrupsiyaya qarşı mübarizə, etnik qrupların imtiyazları, Türkiyənin İraq hadisələrində mövqeyi, İranın nüvə siyasəti və digər məsələlərlə bağlı deputatların suallarına ətraflı cavab vermişdir.
X X X
Günün ikinci yarısında “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və dünya iqtisadiyyatı” məsələsi sessiyada geniş müzakirə olunmuşdur. Bu məsələ ilə bağlı yığıncağa Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın Büro üzvü Səməd Seyidov sədrlik etmişdir.
Sessiya öz işini davam etdirir.