DÜNYA
TERRORİZMLƏ MÜBARİZƏ PROBLEMLƏRİNƏ DAİR BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS
Kislovodskda terrorizmlə mübarizə problemlərinə dair beynəlxalq elmi-praktik konfrans keçirilir. NATO-nun Moskvadakı informasiya mərkəzinin direktoru Rolf Velbertsin, Kataloniya (İspaniya) polisinin beynəlxalq cinayətkarlıqla mübarizə bölməsinin başçısı Emma Kasanovanın, London polisi komissarının müavini Devid Venessin bu mövzuda geniş məruzələri dinlənilmişdir.
Konfrans Rusiya Baş Prokurorluğunun, Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilir. Tədbirdə Rusiya hüquq - mühafizə orqanlarının və sahə elmi tədqiqat mərkəzlərinin əməkdaşları ilə yanaşı, Azərbaycan, Polşa, Ermənistan, Gürcüstan, Özbəkistan və Ukraynanın xüsusi xidmət idarələrinin əməkdaşları və hüquqşünas alimləri də iştirak edirlər.
Konfrans üç gün davam edəcəkdir. İTAR-TASS xəbər verir ki, müzakirəyə çıxarılan konkret problemlər arasında beynəlxalq terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın və praktikanın təkmilləşdirilməsi, terrorçular zərərsizləşdirilərkən silah işlədilməsi, onlarla danışıqların təşkil edilməsi, zərərçəkənlərə psixoloji yardım göstərilməsi məsələləri də var.