MƏDƏNİYYƏT
TEYMUR ELÇİNİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Tədbirdən əvvəl mərasim iştirakçıları yubilyarın məzarını ziyarət etmiş, abidəsi önünə tər çiçək dəstələri qoymuşlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar yubiley tədbirini açaraq Teymur Elçinlə əlaqədə işlədiyi günləri xatırladı. Gözəl şair və tərçüməçi olmaqdan əlavə, onu həm də vətənpərvər ictimai xadim kimi səciyyələndirdi. Radio və Televiziya Komitəsində rəhbər vəzifədə işlədiyi illərdə gənclərə xüsusi qayğı göstərdiyini vurğulayan natıq, sonralar Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsinin müdiri kimi məsul vəzifədə çalışarkən Teymur Elçinin “Qobustan” jurnalını hücumlardan və təzyiqlərdən necə cəsarətlə qorunmasından ətraflı danışdı.
Xalq yazıçıları və şairləri, vaxtilə onunla birlikdə çalışan ədəbiyyat və incəsənət xadimləri Teymur Elçinlə bağlı xatirələrini söylədilər. İctimai xadim kimi keyfiyyətlərindən daha çox söz açan natiqlər onun təşkilatçılıq bacarığından, xalqımıza, ədəbiyyatımıza və incəsənətimizə, milli dəyərlərimizə bağlılığından, təşəbbüskarlığından, çalışdığı vəzifələrə sədaqətindən geniş bəhs etdilər. Radioda bu gün də davam edən “Axşam görüşləri” verilişinin, vaxtı ilə Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərmiş “Musiqi ədəbi məclisləri”ni bu tələbkar, böyük ziyalının adı ilə bağladılar.
Tədbirdə Azərbaycan ədəbiyyatında uşaq şerlərinin yaradılmasında və inkişaf etdirilməsində, xarici ölkələrdəki görkəmli uşaq şairlərinin əsərlərinin dilimizə sənətkarlıqla tərcümə olunmasında Teymur Elçinin xidmətləri yüksək dəyərləndirildi.
Axırda xalq yazıçısı Elçin Teymur Elçinin ailəsi adından tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirdi.