Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«TİKİNTİ SAHƏSİNDƏ QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏTİN GÜCLƏNDİRİLMƏSİ MƏQSƏDİ İLƏ AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİNƏ VƏ CİNAYƏT MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏRİN VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ 2007-Cİ İL 9 OKTYABR TARİXLİ 428-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

«Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 428-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 428-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaqı aparan dövlət orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində «Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 428-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin