ELM VƏ TƏHSİL
“TOPs” layihəsi çərçivəsində təlimlər başa çatıb
Bakı, 22 yanvar, AZƏRTAC
“TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramı çərçivəsində 2018-2019-cu tədris ilində layihəyə cəlb olunan ümumi təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri üçün təlimlər başa çatıb. Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilən təlimlərdə yüz ümumtəhsil məktəbindən 355 fiziki tərbiyə müəllimi iştirak edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, onlara layihə çərçivəsində ümumtəhsil məktəblərinin fiziki tərbiyə kurikulumuna uyğun hazırlanmış innovativ tədris materialları olan metodiki tədris kartları paylanılıb. Təlimləri müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikatlar təqdim olunacaq.
Təlimlərdən 60 minə yaxın şagird faydalanıb. Cari tədris ilində əlavə olaraq 200 ibtidai sinif müəllimi üçün təlimlərin təşkili, təlimlərə cəlb ediləcək müəllim və şagirdlərin ilkin və yekun qiymətləndirilməsi, hədəf ümumtəhsil məktəblərində idman festivalları, “açıq dərs”lər və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “TOPs” layihəsi fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi, ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək təlim metodunun hazırlanması, həmçinin sağlam qida və aktiv həyat tərzinə dair məlumatlılığın artırılması məqsədilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.
Azərbaycanda “TOPs” proqramının tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb. 2018-2019-cu tədris ilində layihəyə əlavə olaraq Bakı şəhərində fəaliyyət göstərən 100 ümumtəhsil məktəbi qoşulub. Beləliklə, layihədə iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb.