ELM VƏ TƏHSİL
“TOPs” layihəsinin beşinci mövsümünə başlanılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümünə başlanılıb.
AZƏRTAC xəbər verir ki, “TOPs” proqramı Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Layihənin məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək, şagirdlərin sağlamlığını möhkəmləndirmək, təlim nəticələrini yüksəltmək və psixoloji dayanıqlılığın qorunmasını təmin etməklə fiziki tərbiyə sahəsində innovativ təhsil texnologiyasının yaradılmasıdır.
“TOPs” Britaniyanın Gənclər İdman Fondunun mütəxəssisləri tərəfindən yaradılmış və uzun illərdir dövlət səviyyəsində tətbiq olunan ən uğurlu fiziki tərbiyə metodikası hesab edilir. Bu metodika Britaniyada 10 mindən çox ümumtəhsil məktəbində tətbiq olunur.
“TOPs” metodikası fiziki tərbiyə üzrə pedaqoji prosesin düzgün idarə olunmasını, bu zaman müəllim fəaliyyətinin tənzimlənməsini özündə ehtiva edən tədris metodikasıdır. Bu metodika fiziki tərbiyə və məktəbdənkənar fəaliyyətlərdə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Layihənin icrası müddətində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim–professor heyəti tərəfindən elmi araşdırmalar aparılmaqla tədrisin şagirdlərə olan təsirinin ölçülməsi də həyata keçirilir.
Layihənin icrası müddətində indiyədək 1000 nəfərdən çox fiziki tərbiyə və ibtidai sinif müəllimi “TOPs” təlimlərindən keçib. Təlimi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib. Bu tədris ilində əlavə olaraq Bakı şəhərinin daha 100 ümumtəhsil məktəbinin 700-dən çox müəlliminin keyfiyyətli təlimlərdən yararlanmağı nəzərdə tutulur. Təlimlər beynəlxalq dərəcəli sertifikatlar alan yerli mütəxəssislər tərəfindən aparılır.