ELM VƏ TƏHSİL


TOPs proqramının dördüncü mövsümü yekunlaşıb

Bakı, 29 iyun, AZƏRTAC

Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” İctimai Birliyi və “British Council” təşkilatının birgə reallaşdırdığı TOPs proqramının 4-cü mövsümünün başa çatması ilə əlaqədar mərasim keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı, təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsi ilə yüksəldilməsinin müasir təhsil üçün prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. 2014-cü ildə Bakı şəhərinin üç ümumtəhsil məktəbində pilot layihə kimi başlanılan və hazırda 140 mindən artıq şagirdin yararlandığı TOPs proqramının əhəmiyyətindən söz açan nazir müavini onun əhatə dairəsinin getdikcə genişlənməsinin təqdirəlayiq olduğunu söyləyib.

Nazir müavini bildirib ki, artıq fiziki tərbiyə dərslərində TOPs metodologiyasının tətbiqinin gətirdiyi inkişaf və yeniliklər müşahidə olunur. Bu metodikanın tətbiqi ilə keçirilən fiziki tərbiyə dərslərində şagirdlər daha çox iştirak etməyə maraq göstərirlər. Proqramın inklüziv tədrisi də əhatə etməsi isə çox müsbət haldır.

Qeyd olunub ki, layihə çərçivəsində həmin məktəblərin fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil edilib. Təlimlərin məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsidir. Təlimlərdə, həmçinin müəllimlərə fiziki tərbiyənin tədrisində müasir təlim üsullarının tətbiqi üçün milli kurikuluma uyğunlaşdırılmış metodiki tədris kartları da təqdim edilib. Bu təlimləri uğurla başa vurmuş 470 müəllimə müvafiq sertifikatlar verilib.

F.Qurbanov bildirib ki, layihə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq müvafiq tədbirlər və fəaliyyət istiqamətləri nəzərə alınaraq keçirilir.

“British Council”ın Azərbaycan nümayəndiliyinin direktoru Elizabet Uayt TOPs layihəsinin ölkəmizdə böyük uğurla həyata keçirildiyini, Britaniya təcrübəsinin Azərbaycan məktəbliləri üçün də faydalı olduğunu bildirib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə akademiyanın fəaliyyət istiqamətlərindən bəhs edib. Qeyd olunub ki, ali təhsil ocağının bu layihəyə qoşulmaqda məqsədi fiziki tərbiyə müəllimlərinin praktiki peşə hazırlığına dəstək verməkdir.

Sonra TOPs proqramının məqsəd və vəzifələri, proqram çərçivəsində ölkəmizdə görülən işlər, eləcə də bu layihənin nəticələri ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə TOPs layihəsi çərçivəsində 2016-2017-ci tədris ilində keçirilmiş dörd nominasiya üzrə müsabiqənin qaliblərinə mükafatlar, layihə üzrə təşkil olunan təlim kursunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim edilib.

“British Council”ın Azərbaycan nümayəndəliyinin direktoru E.Uayt ölkəmizin ümumtəhsil məktəblərində fiziki tərbiyənin inkişafına verdiyi töhfələrə görə tərəfdaşlar adından təşəkkürnamə plaketi ilə təltif olunub.

Xatırladaq ki, 2017-2018-ci tədris ilində TOPs layihəsinə 78 ümumtəhsil məktəbi qoşulub. Beləliklə, proqramda iştirak edən məktəblərin sayı 150-yə çatdırılıb. Bu məktəblər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarını əhatə edir.

Proqram ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik və bacarıqlarının zənginləşdirilməsi, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi məqsədilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını özündə birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.