REGİONLAR
TORPAQLARIN MELİORATİV CƏHƏTDƏN YAXŞILAŞDIRILMASI KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALINDA MÜHÜM AMİLDİR
Əvvəllər ildə təxminən 100-150 min hektar torpaq yuyulardı. Torpağın şoranlaşmasının əsas səbəbi, suvarmanın düzgün aparılmamasıdır. Torpaqlar özəlləşdirildiyi, sudan istifadə ödənişli olduğu üçün fermerlər sudan, qənaətlə istifadə edirlər. İndi əslində meliorasiya işlərini torpaq sahiblərinin özləri görməlidirlər. Buna baxmayaraq, dövlət həmin işi öz nəzarətində saxlayır, şoranlaşmanın qarşısını almaq, torpaq sularının səviyyəsini aşağı salmaqdan ötrü tədbirlər görür. Ötən il 70 min hektara yaxın torpaq yuyulmuşdur. “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” melioratorlar qarşısında çox məsuliyyətli vəzifələr qoymuşdur. Bütün iqtisadi rayonlarda kənd təsərrüfatı məhsulları istehsalına köməyimiz nəzərdə tutulub. Belə ki, minlərlə hektar torpaq sahəsini meliorativ cəhətdən yaxşılaşdırmalı, suvarma-drenaj şəbəkələrini, hidroqovşaqları bərpa etməli, daşqınların qarşısını almaq məqsədi ilə dağ çaylarında sahilbərkitmə və mühafizə işləri görməli, torpaq sularının səviyyəsini aşağı salmalı, çayların suvarma imkanlarını genişləndirməliyik. Melioratorlar Dövlət Proqramı ilə əlaqədar qəbul edilmiş tədbirlər planında nəzərdə tutulmuş bütün işlərin öhdəsindən gəlmək əzmindədirlər. Əlbəttə, çətinliklərimiz də vardır. Bunlar vaxtilə kolxoz-sovxozların tabeliyində olub sonradan bizim balansımıza keçən təsərrüfatdaxili şəbəkələrlə bağlıdır. Onların əksəriyyəti illər boyu baxımsız qalıb. Vəsait çatışmazlığı üzündən ildə onların yalnız 5-10 faizini istifadəyə qaytara bilirik.