Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“TORPAQ İSLAHATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ MƏCƏLLƏSİNƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RSPUBLİLKASI PREZİDENTİNİN FƏRMANI

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təklifləri əsasında Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının döngə nöqtələrini və onların koordinatlarını müəyyən etsin;

1.4. öz səlahiyyətləri daxilində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin ikinci cümləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 88-2.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirir.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin