SİYASƏT
TORPAQ MƏCƏLLƏSİNƏ YENİ DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi müzakirə olunmuşdur.
Komissiyanın sədri Eldar İbrahimov demişdir ki, Azərbaycan Prezidenti qanunvericilik təşəbbüsü ilə Torpaq Məcəlləsinin 73-cü və 84-cü maddələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsini parlamentə göndərmişdir.
Hüquqi və fiziki şəxslərin torpaq sahələri üzərində hüquqlarına xitam verilməsinin əsaslarını müəyyən edən 73-cü maddəyə təklif olunan dəyişiklikdə deyilir ki, dövlət, bələdiyyə və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruriliyi qanunvericiliklə müəyyən edilir. Əvvəlki variantda isə bunun birbaşa məhkəmə yolu ilə həlli göstərilirdi. Mütəxəssislərin və deputatların fikrincə məhkəmə yalnız mübahisəli məsələlərin həlli üçün son instansiya olmalıdır və təklif olunan dəyişiklik tam qanunauyğundur.
Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi ilə bağlı olan 84-cü maddəyə edilən dəyişiklikdə isə deyilir: “Hüquqi və ya fiziki şəxslərin mülkiyyətində olan və onlara icarəyə verilmiş torpaq sahələrinin dövlət, bələdiyyə və ictimai ehtiyaclar üçün geri alınması şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir”.
Deputatlar bu təklifi də bəyənmiş və layihənin Milli Məclisin müzakirəsinə çıxarılması barədə qərar qəbul etmişlər.