SİYASƏT
TOSUN İLTER: “AZƏRBAYCAN ZİRVƏDİR,BİZ ONUN ƏTƏKLƏRİ”
AZƏRTAC xəbər verir ki, Dünya azərbaycanlılarının II Qurultayında Almaniyanı təmsil edən nümayəndə heyətinin üzvü Tosun İlter Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında xaricdə yaşayan həmvətənlərimizin rolundan danışmışdır. T.İlter demişdir: “Almaniya azərbaycanlıları vətəndən uzaqda yaşayan digər soydaşlarımızla çiyin-çiyinə duraraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, onun beynəlxalq aləmdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında öz layiqli yerini tutması üçün əlindən gələni edəcəklər. Biz, yeni nəsil bu missiyanın əsas daşıyıcılarıyıq”.
Almaniya azərbaycanlıları, ümumən, buradakı türk icmaları fevralın 26-da Ermənistanın Berlindəki səfirliyi qarşısında etiraz tədbiri keçirmişlər. T.İlter demişdir: “Ermənistan səfirliyi Almaniya paytaxtının ucqar guşəsində yerləşdiyindən aksiyanı şəhərin mərkəzi küçələrində, turistlərin daha çox olduğu yerlərdə davam etdirməyi qərara aldıq. Səsimizi ucaltmalı, ölkəmizə qarşı edilmiş haqsızlıqlar barədə car çəkməliyik ki, dünya ədalətin Azərbaycan xalqı tərəfində olduğunu bilsin”.