ELM VƏ TƏHSİL
TOVUZ RAYONUNDA TƏHSİLLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Rayon icra hakimiyyətinin başçısı Həmid Bağırov təhsil işçilərinin son illərdə qazandığı müvəffəqiyyətlərdən danışmışdır.
Təhsil naziri Misir Mərdanov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının respublikanın hər yerində uğurla həyata keçirilməsindən, təkcə ötən il ölkəmizdə 328 yeni məktəb binasının tikilərək istifadəyə verilməsindən, məktəblərin müasir avadanlıqla təchiz olunmasından söz açaraq, təhsildə qazanılan uğurlarla yanaşı, mövcud problemlərdən, gələcəkdə bu sahədə görüləcək işlərdən də bəhs etmişdir.
Sonra, respublikada ilk dəfə olaraq, Təhsil Nazirliyi və Tovuz Rayon İcra Hakimiyyəti arasında “Tovuz rayonunda təhsilin 5 illik inkişafı” haqqında müqavilə imzalanmışdır.
Müqavilədə rayonda 5 il ərzində təhsil sahəsində görüləcək işlər öz əksini tapmışdır.
Müşavirənin sonunda təhsil naziri rayon məktəblərinin 60 qabaqcıl şagirdinə kitab, Milli Məclisin deputatı Qənirə Paşayeva isə 100-dək fəal məktəbliyə ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş təqvim bağışlamışlar.