DÜNYA
TOXUMÇULUQ SAHƏSİNDƏ QANUNVERİCİLİYİN BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILMASI MÖVZUSUNDA MİLLİ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, seminarda çıxış edən Respublika Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev 1997-ci ildə qəbul edilmiş “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununa müxtəlif vaxtlarda bir sıra dəyişiklik və əlavələr edildiyini bildirdi. O dedi ki, respublikamızda toxumçuluğa dair milli siyasəti müəyyənləşdirmək, sort sınağını sadə və səmərəli təşkil etmək, istehsal olunmuş toxumu sertifikatlaşdırmaq, idxal və ixracı, karantin və bitki mühafizəsini beynəlxalq qaydalara uyğun həyata keçirmək üçün normativ hüquqi sənədlərin hazırlanması zəruridir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi işçi qrupu yaratmışdır. Bu qrupun son bir ildə gördüyü işlər nazirlikdə və Aqrar Elm Mərkəzində dəfələrlə müzakirə edilmiş, bir sıra təkliflər hazırlanmışdır.
Milli Məclisin aqrar siyasət daimi komissiyası sədrinin müavini Eldar Qəhrəmanov müzakirə edilən məsələ ilə bağlı mülahizə və təkliflərini bildirdi.
Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) eksperti xanım Şteffi Linzmayer seminarda toxumçuluqda mövcud problemlərin təhlili və sahənin inkişafı üzrə təkliflər barədə hesabat təqdim etdi.
Milli seminarda toxumçuluq sahəsində qanunvericilik aktları barədə məlumat verildi, mövcud qanunda ediləcək dəyişiklik və əlavələrə dair təkliflər irəli sürüldü.
Seminarda Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin, Dövlət Toxum Müfəttişliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin nümayəndələri iştirak etmişlər.