İQTİSADİYYAT
TPAO gələn il Azərbaycan və digər ölkələrdəki layihələrinə 1,7 milyard dollaradək sərmayə yatıracaq
Bakı, 11 noyabr, Nihad Budaqov, AZƏRTAC
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti gələn il Türkiyə və digər ölkələrdəki neft və təbii qaz axtarışı və istehsalı fəaliyyətinə 1 milyard 691 milyon dollar xərcləyəcək.
AZƏRTAC xəbər verir ki, TPAO Türkiyənin xam neft və təbii qaza olan tələbatının təmin olunması məqsədilə Azərbaycan, İraq, Rusiya, Liviya və Əfqanıstanda işlərini davam etdirir.
TPAO gələn il Türkiyədəki təbii qaz axtarışı və istehsalı işlərinə 243 milyon dollar, digər ölkələrdə isə 1 milyard 448 milyon dollar yatıracaq.
Şirkət 2017-ci ildə illik istehsalını 28,5 milyon barrel neft ekvivalentinə çatdırmağı hədəfləyir. Aralıq dənizi və Şimali Kipr sahillərində axtarış fəaliyyətlərinə istiqamətlənən seysmik işlərini davam etdirən TPAO 2018-ci ilə qədər “Shell” ilə Qara dənizdə quyu qazılması layihəsində iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.