ELM VƏ TƏHSİL
TQDK “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap edib VİDEO
Bakı, 23 iyul (AZƏRTAC). Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü nömrəsində təqdim olunub.
TQDK ixtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap edib. Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.
Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub. Vəsaitləri TQDK-nın binası qarşısındakı “Abituriyent” köşkündən almaq olar. Vəsaitləri, həmçinin elektron formatda (pdf) http://eservices.tqdk.gov.az/ejurnal linkinə keçərək əldə etmək mümkündür.