ELM VƏ TƏHSİL
TQDK magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirəcəkdir VİDEO
Bakı, 21 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün onlayn sınaq imtahanı keçirəcəkdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaqdır.
İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Sınaq imtahanına yazılışın fevralın 25-dən həyata keçirilməsi nəzərdə tutulur. Bakalavrlar TQDK-nın internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər.