REGİONLAR
TQDK sədri Ucarda vətəndaşları qəbul edib VİDEO
Ucar, 20 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə noyabrın 20-də Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Kürdəmir, Ağsu, Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.
Vətəndaşlar qəbulla bağlı kütləvi informasiya vasitələri və komissiyanın internet resursları vasitəsilə qabaqcadan məlumatlandırılıblar. Qəbula gəlmək istəyənlərin komissiyanın internet saytında, TQDK-nın Göyçay regional bölməsində, habelə müvafiq rayonların təhsil şöbələrində qeydiyyatı aparılıb.
Qəbuldan əvvəl TQDK-nın sədri Məleykə Abbaszadə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovla birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Qəbula gələn vətəndaşlar TQDK sədri tərəfindən diqqətlə dinlənilib. Müraciətlər əsasən sınaq imtahanlarının sayının artırılması, təhsil haqqı, universitetlərarası tələbə köçürmələri, buraxılış və ali məktəblərə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib. Araşdırılması zəruri olan müraciətlər qeydiyyata alınıb, operativ həll edilməsi üçün nəzarətə götürülüb. Komissiyanın səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qrumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaşlar məktəblərə sinif testlərinin hədiyyə olunması ilə bağlı təşəkkürlərini bildirib, qəbulun təşkilinə və yaradılan şəraitə görə razılıq ediblər.